Düz 20 ildir ki, nahaq qan tökülən Xocalıda otlar öz rəngini qana bələyərək qırmızı bitir, bahar müjdəçisi haçaquyruq qaranquşlar xocalıların evində yuva qurmaq istəyir, ancaq yad nəfəsi hiss edərək doğma yuvalarından didərgin düşüb başqa yerə, yad bir ocağa uçur.Öz nəğmələrində xocalıları haraylayır: Gəlin birgə yuva quraq,- deyir! Amma...
Əslində, Xocalı faciəsi bir gecənin hadisəsi deyildi.Ermənilər bu faciəyə Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra hazırlıq görmüşdülər.Onlar Qarabağın digər ərazilərində belə faciələr törətməyə çalışsalar da bunun ən dəhşətlisini Xocalıda həyata keçirdilər.Xocalı faciəsinə gedən yolun başlanğıcı isə Dağlıq Qarabağ münaqişəsinin daha aydın şəkildə meydana çıxdığı dövrə təsadüf edir.Elə həmin vaxtdan da Xocalıda qətliamın əsası qoyulurdu.
Bu faciə Azərbaycan xalqına qarşı Ermənistan-Azərbaycan müharibəsi dövründə vurulmuş ən ağır zərbədir.Xocalılar bu faciəni mərdliklə, qəhrəmanlıqla qarşılamışlar.Öz evini , şəhərini,ailəsini qəhrəmancasına müdafiə edənlər şəhid olmuşlar.Vəhşi ermənilər tərəfindən şəhəri qana bələnmiş, yer üzündən silinməmişdir.
Faciəni törətməkdə erməni şovinistlərinin məqsədi xalqımızı qorxutmaq, vahimə içində saxlamaq, onun mübarizə əzmini qırmaq, işğal faktı ilə barışmasına nail olmaq idi.Lakin düşmən öz məkrli niyyətlərinə çata bilmədi.Xocalının qəhrəman müdafiəçiləri təpədən dırnağa qədər müasir silahlarla təchiz olunmuş düşmən qarşısında özünü itirmədi,əyilmədi, qəhrəmanlıq və rəşadət nümunələri göstərdi. Onlar qeyri-bərabər döyüşdə igidliklə vuruşaraq əsl fədəkarlıq və vətənpərvərlik nümunəsi göstərdilər.
Xocalı qətliamı Azərbaycan xalqının tarixində erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izidir.Faciədən bir neçə gün sonra cəsarətli reportyorlarımızın od içində çəkdikləri kadrlar hər an bu dəhşətli mənzərəni seyr edənləri iliyinədək sarsıdır.Meşələrdə əli, ayağı, burun qulağı donan, əsir və girov düşən qoca və uşaqların bizim könüllü milli müdafiə əsgərlərinə təhvil verilməsi səhnəsi yüz il bundan da sonra ən möhkəm iradəli insanları belə sarsıdacaq, yandırıb-yaxacaqdır.Körpələri meşələrdə donan, çöhrələrinə ölümün rəngi çökən zavallı anaların ağrılara dönən fəryadı heç vaxt heç kimin yaddaşından silinməyəcək.
Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan etmiş ulu öndər Heydər Əliyev hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zəruriliyini vurğulamış, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün xüsusi səy göstərmişdir.Bu faciəni xalqımızın böyük dərdi, kədəri, qəmi adlandırmış ümummilli liderimiz, eyni zamanda xalqımızın əsrlər boyu keçdiyi mübarizəni, milli azadlıq yolunu şanlı, uğurlu yol kimi dəyərləndirmişdir.
2002-ci il fevralın 25-də ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində bu amansız soyqırımına əsl qiyməti vermişdir: “Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni-şovinist millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırım siyasətinin davamı və ən qanlı səhifəsidir”.
Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü işləri xüsusi minnətdarlıq hissi ilə qeyd etmək lazımdır.Məhz fondun gərgin fəaliyyəti nəticəsində əvvəlki illərdən fərqli olaraq indi dünya ölkələri erməni qəsbkarlarının törətdiyi insanlığa sığmayan Xocalı soyqırımı haqqında daha dolğun məlumatlandırılır. Bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, eyni zamanda nüfuzlu qurumlar bəşəriyyətə qarşı yönəldilmiş bu cinayətin əsl mahiyyətini anlayaraq qətliamı kəskin şəkildə pisləyir.
Hazırda Azərbaycan ərazisinin 20 %-dən çox hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.İşğal nəticəsində 900-ə yaxın yaşayış məntəqəsi, 22 muzey və 4 rəsm qalereyası, tarixi əhəmiyyəti olan 9 saray, nadir tarixi əhəmiyyətli 40000 muzey sərvəti və eksponatı,44 məbəd və 9 məscid dağıdılmış, talan edilmiş və yandırılmışdır. Bundan əlavə, 927 kitabxana 4 milyon yarımdan çox kitab və qiymətli tarixi əlyazmalar məhv edilmişdir. Hərbi təcavüz respublikanın 17000 kvadratmetr ən məhsuldar torpaqlarının işğalına , 7000 sənaye və kənd təsərrüfatı obyektinin , 700 təhsil,665 səhiyyə ocağının, 800 kilometr avtomobil yolunun , 160 körpünün, 23000 kilometr su və 15000 kilometr elektrik xəttinin dağıdılmasına səbəb olmuşdur.
Xocalı soyqırımı nəticəsində, rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın,70 nəfəri isə qocalar idi. 8 ailə tamamilə məhv edilmişdir.487 nəfər şikəst olmuşdu ki, onlardan da 76-sı uşaqdır.Bundan əlavə 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür. Xocalıya hücum zamanı mühasirədə qalmış şəhərin 3000 nəfərədək silahsız mülki əhalisi düşməndən xilas olmaq üçün şəhəri tərk etdi.Xocalıya heç bir səbəb göstərilməməsi səbəbindən həmin əhalinin , demək olar ki, böyük bir hissəsi erməni vəhşiliyindən xilas ola bilmədi.
Ermənilərin törətdiyi vəhşilikləri sağ qalmış xocalıların dili ilə İngiltərənin “The Times” qəzeti 1992-ci il 1 mart tarixli sayında belə təsvir edirdi: “Erməni əsgərləri yüzlərlə ailəni qırıb-çatıblar.Sağ qalanlar deyirlər ki, ermənilər 450-dən artıq azərbaycanlını güllələmişlər, onların da çoxu qadınlar və uşaqlardır. Yüzlərlə, bəlkə də minlərlə adam itkin düşmüşdür.Xocalıdan qaçan digər qadınlarla və uşaqlarla bir yerdə Ağdama gəlmiş Raziyə Aslanova deyir ki, onlara ardı-arası kəsilmədən atəş açırdılar.İnsanları diri-diri yandırır, başlarının dərisini soyurdular”. Dediyinə görə, əri, qaynı və oğlu qətlə yatirilmiş, qızı isə itkin düşmüşdür.
Dövlət başçısı İlham Əliyev 2011-ci il fevralın 10-da Goranboyda məcburi köçkünlər üçün salınmış yaşayış məhəlləsinin açılışında Xocalı soyqırımının XX əsrin ən böyük cinayətlərindən biri olduğunu bildirərək demişdir: “Xocalı soyqırımı ermənilərin vəhşiliyini göstərmişdir. Amma yenə də deyirəm, hələ ki, dünyada ikili standartlar siyasəti mövcuddur, erməni-lobbisi, dünya erməniliyi və onların havadarları çalışırlar ki, erməniləri bu vəziyyətdən çıxarsınlar.Biz isə bundan sonra da çalışacağıq ki, bütün dünya Xocalı haqqında bilsin.Bizim indi imkanlarımız da artır, o cümlədən təbliğat imkanlarımız genişlənir.Biz istənilən ölkədə diaspor təşkilatlarımızın xətti ilə, dövlət xətti ilə istənilən tədbiri, konfransı keçirə bilərik.bunu edirik və bu həqiqətləri bütün dünyaya çatdırırıq.Mən əminəm ki, gün gələcək Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər.O gün gələcəkdir”.
Vətən bu gün Xocalıda şəhid olanların ruhu qarşısında baş əyir,Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün dövlətimiz tərəfindən bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.Bakıda, respublikamızın bir sıra bölgələrində, həmçinin xaricdəki diasporlarımızın maddi və mənəvi dəstəyi ilə dünyanın əksər ölkələrinin paytaxtlarında Xocalı şəhidlərinin xatirəsinə abidələr ucaldılmışdır. Bu isə ürəkləri daim Vətən eşqilə döyünən soydaşlarımızın öz yurddaşları olan Xocalı şəhidlərinin müqəddəs ruhuna hörmət və ehtiramlarının bariz nümunəsidir.
Xocalı soyqırımında həlak olanlar Azərbaycanın əziz vətəndaşlarıdır.Onlar Respublikamızın ərazi bütövlüyü yolunda şəhid olublar, Xalqımızın milli azdlıq yolunda apardığı mübarizənin qurbanlarıdır.Onların faciəli surətdə şəhid olması Azərbaycan xalqının qəhrəmanlığının, mətanətinin , cəsarətinin nümayişidir. Buna görə də biz bu gün bütün şəhidlərin ruhuna rəhmət oxuyaraq, eyni zamanda başımızı dik tutmalıyıq. Nə qədər qəmgin olsaq da bir o qədər də nikbin olmalıyıq, irəliyə, gələcəyə inamla baxmalı, ümidlə yaşamalıyıq.Biz əminik ki, tutduğumuz yol şərəfli, doğru yoldur. Xalqımızın mənafeyini təmin edən yoldur.Biz bu yol ilə gedəcəyik.Azərbaycanın müstəqil dövləti xalqımızın birliyinə arxalanır, onun mətanətinə inanır və bu birliyimiz, mətanətimiz, dəyanətimiz, dözümlülüyümüz bizi bu ağır vəziyyətdən çıxaracaqdır.