Azərbaycan gəncləri hər il fevralın 2-də özlərinin əziz bayramını-Gənclər gününü qeyd edirlər. Müstəqillik dövrümüzün gəncliyi əslində bu dəyərli və müqəddəs günün təsis edilməsinə görə xalqımızın ümummilli lideri, dünya şöhrətli siyasi xadim, müasir və çiçəklənən Azərbaycanın banisi Heydər Əliyevə borcludur. Bu günü qədirbilən Azərbaycan gənclərinə ulu öndər 1997-ci il fevralın 1-də imzaladığı xüsusi fərman əsasında bəxş etmişdir. Həmin fərmana əsasən, 1996-cı il fevralın 2-si-Azərbaycan gənclərinin birinci forumunun keçirildiyi gün ölkəmizdə Gənclər Günü kimi təsbit edilmişdir.
Ulu öndər Heydər Əliyev söyləmişdir: “Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib, öz xalqına, dövlətinə xidmət etməlidir”.
Əsasını ümummilli liderimiz Heydər Əliyevin qoyduğu gənclər siyasəti bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilərək mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Gənclər və İdman Nazirliyi aidiyyəti dövlət orqanları ilə birlikdə “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və digər problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı”, “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu ilə bağlı” dövlət proqramları hazırlanmış və ölkə başçısının fərmanları ilə təsdiq edilmişdir.Bu qanunlar, fərman, sərəncam və dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, mənəvi cəhətdən yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun artmasına, habelə idmanın kütləviləşməsinə əsaslı təsir göstərmişdir.Dövlət başçısını fərmanı ilə 2007-ci il Gənclər ili elan olunmuşdur.Bununla bağlı hazırlanmış proqram çərçivəsində gənclərin mənafeyinə xidmət edən bir sıra tədbirlər həyata keçirilmişdir.
Son olaraq ölkəmizin bütün gənclərini Gənclər Günü münasibətilə təbrik edir, onlara təhsillərində və əmək fəaliyyətlərində böyük uğurlar arzulayırıq və biz gənclər bütün diqqət və qayğıya görə ulu öndər Heydər Əliyevi həmişə minnətdarlıq hissi ilə yada salır, xatirəsini əziz tuturuq.