Qala divarları ilə əhatə olunduğuna görə xalq arasında Qala da adlanır. Bu qədim yaşayış məskəni Azərbaycan xalqının dəyərli mədəni irsidir. Hal-hazırda həm yaşayış məhəlləsi, həm də tarix-memarlıq kompleksidir.
İçəri Şəhər kompleksi Xəzər dənizinin sahillərində, alçaq təpədə salınıb. Yaşayış məskəni hündürlüyü 8-10 metr, eni 3,5 metr olan divarla əhatə olunmuşdur. Sahəsi 22 hektar olan ərazidə yerləşir.
İçəri Şəhər Orta Şərqin ən qədim məskənlərindən biridir. Qazıntılar göstərir ki, bu ərazi hələ tunc dövründə məskunlaşmışdır. XIX əsrədək bir neçə minlik məhəllə elə Bakının özü demək idi. İçəri Şəhər bütövlükdə bir şəhərsalma mədəniyyəti nümunəsidir. Buradakı üç abidə – Qız qalası, Şirvanşahlar Sarayı, Məhəmməd məscidi dünya, 28 abidə isə ölkə əhəmiyyətlidir.Tarixi qoruq həm də faktiki yaşayış məskənidir, burada 1300 ailə yaşayır.
İçəri Şəhər tarixən ümumi əlamətlərlə birləşən bu məhəllələrdən ibarətdir: Ağşalvarlılar, Gəmiçilər, Arabaçılar, Hamamçılar, Seyidlər, Cuhud Zeynallar (yəhudi məhəlləsi) və s. Şəhərə Şamaxı (XII əsr) və Salyan darvazalarından daxil olmaq olardı XIX əsrin axırlarında daha bir neçə darvaza tikildi. Müxtəlif vaxtlarda inşaatçılar və arxeoloqlar yeraltı keçidlər aşkar etmişlər.
İçəri Şəhər kompleksi 1977-ci ildə tarix-memarlıq qoruğu statusu almış, 2000-ci ilin dekabrında Qız qalası və Şirvanşahlar Sarayı ilə birlikdə UNESCO-nun Dünya Mədəni İrsi siyahısına salınmışdır
İçəri Şəhərdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnoqrafiya İnstitutunun Muzeyi, Azərbaycan Milli Ensiklopediyasının Ensiklopedik Mərkəzi yerləşir. Məhəllədə məhsulları oradakı sərgi salonunda nümayiş etdirilən xalça sexi də yerləşir.
Qədimdə üçqat qala divarları, Qız qalası və digər fortifikasiya qurğuları ilə bərabər şəhər bütövlükdə möhtəşəm müdafiə istehkamını xatırladırdı. Digər orta əsr şəhərləri kimi Qala divarı içində olan bütün binalar da taktiki və strateji baxımdan müdafiə xarakteri daşıyırdı.

Içəri Şəhəri əhatə edən qala divarları Azərbaycan ərazisindəki digər qədim istehkamlar və müdafiə xarakterli tikililərdən öz orijinallığı və möhtəşəmliyi ilə seçilir. Azərbaycan Böyük İpək yolunun üzərində yerləşən əsas məntəqələrdən biri olduğuna görə, İçərişəhərdə çoxlu karvansara və ticarət binası inşa edilmişdir. XV əsrdə Bakının Şirvanşahlar dövlətinin paytaxtına çevrilməsi ilə əlaqədar olaraq tikilmiş Şirvanşahlar sarayı kompleksi İçərişəhərin simasına xüsusi bir yaraşıq və əzəmət vermişdir. Kompleksə daxil olan saray binası, divanxana, türbə və məscidlər binaların miqyasının məharətlə uyğunlaşdırılması, yerli tikinti materiallarından uğurla istifadə olunması, bədii oymaların və memarlıq elementlərinin ahəngdar şəkildə yerləşdirilməsi ilə seçilir. XIX əsrin ortalarında Bakıda neftin sənaye üsulu ilə istehsalına başlanması İçərişəhərin simasına öz təsirini göstərmişdir.
İçəri Şəhərdə çəkilən filmlər
Arşın mal alan (film, 1945)
Telefonçu qız (film, 1962)
Əhməd haradadır? (film, 1963)
Arşın mal alan (film, 1965)
Uşaqlığın son gecəsi (film, 1968)
Bir cənub şəhərində (film, 1969)
Şərikli çörək (film, 1969)
Gün keçdi (film, 1971)
Ən vacib müsahibə (film, 1971)
"Amfibiya adam" (1961),
"Aybolit-66" (1966)
"Brilliant əl" (1968)
Içıri Şəhərə olan səyahətimiz sona çatdı .........